ŞİKAYƏT

ŞİKAYƏT












Kəlbəcər rayonu Cəmilli kənd sakini Nəsibə Musayeva 20 ildən çoxdur Göygöl rayonunda məskunlaşıb.

Gəncə şəhər Televiziya və Radio Yayım Fondunun anbarında uçuq-sökük bir daxmada yaşayan N.Musayeva hələ də normal mənzillə təmin olunmayıb.

AFN.az-a bu barədə məlumat verən şikayətçi bildirir ki, dəfələrlə Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etsə də, tələbi nəzərə alınmayıb: “2005-ci ildə Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət edib ev növbəsinə yazıldım. 10 il keçsə də, evlə təmin olunmamışam. Halbuki, bu müddət ərzində iki dəfə qaçqın və məcburi köçkün ailələrinə ev paylanılıb. Rayin İH-nin başçısı Aqil Məmmədova dəfələrlə müraciət etmişəm. Heç bir nəticə verməyib. Daha sonra Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət etdim. Mənə gələn cavab məktubunda gözləməyim tövsiyə edildi. Cənab Prezidentin imzaladığı sərəncama əsasən, Göygöl rayonunda inşa edilən və istifadəyə verilən çoxmərtəbəli binalardakı mənzillərlə təmin olunmağımız gecikdirilir, müraciətlərimiz qulaqardına vurulur. Dəfələrlə icra başçısının qəbuluna düşməyə çalışmışam. Lakin İH-də çalışan məmurlar buna mane olub”.

N.Musayevanın sözlərinə görə, 2011-ci ildə qaçqın və məcburi köçkünlərə yeni mənzillər verilib. Lakin bir çox vətəndaş kimi o da bu evlərdən pay görməyib: “Cəmilli kənd icra nümayəndəsi olan Əliağa Qulu oğlu Həsənov və onun yandaşı olan Əmirxan Hüseyn oğlu Xıdırov bizi kölə vəziyyətində saxlayırlar. Biz şikayətimizi mediaya işıqlandırmaq istədiyimiz vaxt bizi şərləməklə hədələyirlər. Məhz buna görə də İH-nin məmurları olan Əbülfəz və Əliağadan, onun muavini Cahid Baloğlan oğlu Abbasovdan, Eldeniz Vasif oğlu Məmmədovdan, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Göygöl sədri Fuad Hacıyevdən şikayətçiyəm. İH-nin nümayəndəsi Əliağa müəllimin və onun yeznəsi Əmirxanın özbaşınalıqları, bizə etdikləri təzyiqlər danılmazdı. Onlar həyat yoldaşım Fariz Zakiroğlunu, qayınatam Zakir Daşdəmir oğlu Musayevi şərləməklə hədələyirlər”.

Çox pis şəraitdə yaşadıqlarını görüntülərlə sübut edən N.Musayeva övladlarının kərtənkələlərlə birgə böyüdüyünü deyir: “Dəfələrlə evimizdə kərtənkələ tapılıb. Bir dəfə hətta uşağı kərtəngələ çalmışdı. Həkimlərin səyi nəticəsində uşaq ölümdən döndü. Çox dözülməz vəziyyətdir, ilanlar və kərtənkələlər evimizin icində gəzirlər, qorxu və təlaş icindəyik”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin nümayəndəsi Elçin Qədimov AFN.az-a açıqlamasında problemin mərhələli şəkildə həll ediləcəyini dedi: “Həmin şəxs Göygöl rayonunda yaşayır. Ancaq bu dəqiqə onları evlə təmin etməyə şərait yoxdur. Təkcə həmin adam yox, bir çox məcburi köçkün orada yaşayır. Ev üçün növbə, qeydiyyat olmur. Ev paylanışı belədir ki, hər hansı ərazidə dövlət proqramı nəzərdə tutulursa, həmin ərazidə yaşayış məntəqələri inşa edilir və nəzərdə tutulan insanlar köçürülür. Yəni əvvəldən belə bir növbə olmur. Bu ailə də orada yaşayır və hazırda onlara veriləcək ev yoxdur. Gələcəkdə bu tip ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına baxılacaq. Biz araşdırdıq, onun bir qohumu Göygöl rayonunda mənzillə təmin olunub. Nə vaxt həmin rayonda mənzillə təmin olunmayan ailələrin probleminə baxılacaq, onda bu ailəyə də mənzil veriləcək”.

ŞİKAYƏT

ŞİKAYƏT

ŞİKAYƏT




Fikirlər