ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün apardığı 44 günlük müharibə və qazanılan Zəfər dünya hərb tarixində uzun müddət öyrənilib, təhlil ediləsi hadisələrdəndir. Bu tarixi Qələbə təkcə Qarabağı deyil, Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı. 44 günlük savaş dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcəkdir.

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması yekunda dinc vətəndaşlarımız və hərbçilərimiz arasında çoxsaylı ölüm və yaralanma halları ilə müşayiət olundu ki, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu bu hücumların qarşısının alınması məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. Bu müharibədə Azərbaycan xalqı ön cəbhədə mənfur düşmən qüvvələrinə, arxa cəbhədə isə gözəgörünməz düşmənə qarşı bir yumruq kimi birləşdi.

Ordumuzun 44 gün davam edən zəfər yürüşü barədə aldığımız hər uğurlu xəbər, xalqımıza yeni oyanış, böyük qələbəyə inam hissi bəxş etdi. Bu günlərin hər saatında qəlbimiz Azərbaycan əsgərinin qəlbi ilə bir vurur, dualarımız onun qoluna qüvvət verirdi.

Və nəhayət, bu böyük qələbəyə nail olduq. Azərbaycan bayrağı düşmənin işğal etdiyi ərazilərdə, əsarət altından xilas olan bütün şəhər, qəsəbə və kəndlərimizdə, zirvələrdə ucaldıldı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərə səfərləri ənənə halını alıb. Xalqımıza inam bəxş edən bu səfərlər zamanı bir-birindən mühüm infrastruktur obyektlərinin açılışları edilir, yenilərinin təməlləri qoyulur. Mehriban xanım uzaq, enişli-yoxuşlu yolların əziyyətinə qatlaşaraq Vətənə və torpağa məhəbbət nümunələri göstərir, bərpa-quruculuq işlərinin önündə gedir. Bu istiqamətdə ilk addım məhz Mehriban xanım Əliyeva tərəfindən atıldı, onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun müharibədən bir neçə gün sonra Şuşada tarixi abidələrin bərpasına başlaması quruculuq prosesinə güclü təkan oldu. Prezidentin və birinci xanımın iştirakı ilə artıq Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bərpasının təməli qoyulub. Bu tarixi hadisələrdən birinə - Cəbrayıl şəhərinin bərpasının təməlqoyma mərasiminə şahidlik etmək şərəfi rayon ictimaiyyətinin nümayəndələrindən biri kimi mənə də nəsib oldu. Biz cəbrayıllılar oktyabrın 4-də həyatımızın ən xoşbəxt günlərindən birini yaşadıq. Region üçün nümunə olacaq Cəbrayılın təməl daşlarını Prezidentimizlə birlikdə qoyduq. Böyük Qayıdışa doğru daha bir önəmli addım olan bu tarixi hadisə bütün cəbrayıllıların yaddaşına həmişəlik həkk olundu. Bizə yaşatdığı bu unudulmaz anlara, sonsuz sevinc və qürur hisslərinə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarıq.

Bu gün Azərbaycanda Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü - ilk Zəfər Günü qeyd olunur.
Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, müzəffər Ali Baş Komandanımızın portretlərini tutan milyonlarla Azərbaycan insanı ölkəmizin hər bir guşəsində bu qələbənin memarı olan dövlət başçısına, onun əmrlərini layiqincə yerinə yetirən rəşadətli Ordumuza, Qalib əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.

Son 200 illik tariximizdə ilk dəfədir ki, torpaq itirmədik, əksinə itirilmiş torpaqlarımızı bərpa etdik. Bu gün biz bu baxımdan tariximizin ən şanlı, ən şərəfli, ən qürurlu günlərindən birini yaşayırıq. Bu gün Azərbaycan xalqı bu qələbənin bir illiyini qeyd edir. Bizim birliyimiz, həmrəyliyimiz, cənab Prezidentin qətiyyəti ilə, rəşadətli ordumuzun qəhrəmanlığı ilə biz bu qələbəni çaldıq. Bu gün bizim qarşımızda duran ən vacib məsələlərdən biri də bu birliyi və həmrəyliyi qorumaq, cənab Prezidentin ətrafında sıx birləşməkdir. Qarşımızda bizi hələ çox qələbələr gözləyir.

Gözün aydın Vətən, Zəfər Günün mübarək, Azərbaycan!
Yaşa, Ali Baş Komandan!
Var ol, Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!


Salahzadə Əliabbas Qalib oğlu.
Milli Məclisin deputatı.




Fikirlər