General türkiyəli iş adamları ilə görüşüb

General türkiyəli iş adamları ilə görüşüb

Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ölkəmizdəki nümayəndəliyinin (MÜSİAD) üzvləri ilə görüşüb.

Komitə sədri iki qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iqtisadi əlaqələrin, eyni zamanda, gömrük sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sahəsində aparılan islahatlara toxunan Səfər Mehdiyev vurğulayıb ki, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması ilə bağlı görülən işlər, gömrük sisteminin strukturunda və kadr potensialının gücləndirilməsində həyata keçirilən yeniliklər, gömrük prosedurlarının sadələşdirilməsi, beynəlxalq ticarətin asanlaşdırılması istiqamətində atılan addımlar nəticəsində həm fiskal, həm də hüquqpozmalara qarşı mübarizə istiqamətində ciddi nailiyyətlər əldə olunub.


Artıq Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindəki gömrük sisteminə sahib olduğunu bildirən Komitə sədri, yeni layihələr barədə də qonaqları məlumatlandırıb, bu il fevralın 1-dən tətbiq ediləcək “Yaşıl dəhliz" buraxılış sisteminin ticarətin asan, sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə münbit şərait yaradacağını diqqətə çatdırıb. Səfər Mehdiyev, eyni zamanda, Azərbaycan gömrüyünün dünya gömrük ailəsinin etibarlı üzvünə çevrildiyini qeyd edib, 2019-cu ildə ölkədə narkotiklərlə mübarizə, informasiya texnologiyaları sahəsində mühüm tədbirlərin keçiriləcəyini bildirib.

MÜSİAD-Azərbaycanın İdarə Heyətinin sədri Abdurrahman Uzun tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətlərinin daim inkişaf etdiyini qeyd edib, Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün bütün sektorlarda olduğu kimi, gömrük sahəsində də münbit şəraitin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycan gömrük sistemində aparılan islahatları yaxından izlədiklərini və müsbət qiymətləndirdiklərini diqqətə çatdıran MÜSİAD təmsilçisi görülən işlərin iqtisadiyyatın və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.




Fikirlər