““Sportinq” 23 yaşlı oyunçularla gəlsə belə...”

““Sportinq” 23 yaşlı oyunçularla gəlsə belə...”

Avroliqanın qrup mərhələsinin V turuna start verilir.

Sabah UEFA Avroliqasının V turunda "Qarabağ" doğma meydanda "Sportinq"i qəbul edəcək. Oyundan öncə keçirilən mətbuat konfransında təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə görüş barəsində fikirlərini bölüşüb:

"Bu ilin son oyununa çıxırıq. Çox istəyirik ki, qələbə qazanaq. Çalışacağıq ki, azarkeşləri sevindirək. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Belə hallarda komandalar daha da istəkli olurlar. Ancaq hər şeyə rəğmən meydanda yaxşı mübarizə aparacayıq."

-"Sportinq"in bir neçə əsas oyunçuları Bakıya gəlmir. Bu, bizim üçün xüsusi motivasiya ola bilər ?
- Belə böyük klubların kifayət qədər geniş heyəti olur. 23 yaşlı oyunçularla gəlsə belə, onlar da peşekarlar oyunçulardır. Bu cür fikirlərə çox önəm vermirik. Biz "Sportinq"ə qarşı oynayırıq. Onların böyük tarixi var və böyük klubdurlar. Biz hər bir halda qalib gəlmək üçün yaxşı oyun göstərəcəyik.

-Sabahkı oyunda Emeqara olmayacaq. Onun yerinə Araz Abdullayevə şans veriləcək ? Bir də Rəşad Sadıqov sabah oynasa, 100-cü matçına çıxacaq. Bu komanda üçün xüsusi motivasiya ola bilər ?

- Bəli, sabah Emeqara olmayacaq. Arazın həmin mövqedə oynama ehtimalı çoxdur. Tam qərarı sabah verəcəm. Rəşadın 100-cü oyunu olması çox sevindiricidir. Azərbaycanlı bir oyunçunun belə bir göstərici göstərməsi çox müsbət haldır. Sabahkı oyunda komandam üçün yetərincə motivasiya var. Rəşadın sabah oynayıb-oynamaması hələ bilinmir. Komanda istənilən halda sabahkı oyuna hazırdır.

-Rəşadın sabah olub-olmayacağının dəqiqləşmədiyini dediniz. Bu, zədə ilə bağlıdır ?

- Xeyr, zədə ilə bağlı deyil.

-Millətlər Liqasından sonra özünüzü bu oyuna hazırlaya bilmisiniz ?

-Bəli, bu, bizim işimizdir. Biz mövsüm bitənədək gərgin işdə çalışırıq.




Fikirlər